Etiketler

7 Temmuz 2013 Pazar

ARAŞDIRMAÇI JURNALİSTLƏR ÜÇÜN ÜÇÜN YAZI YAZMA MƏSLƏHƏTLƏRİ

Əziz dostlar, aşağıda gördüyünüz məsləhətlərin müəllifi Markus Tannerdir. O, Balkan Araşdırmaçı Jurnalistika Şəbəkəsinin (BIRN) redaktoru və təlimçisidir. Markus 1988-1994-cü illərdə Birləşmiş Krallığın “The Independent” qəzetinin Balkan müxbiri olub. 1995-2000-ci illərdə isə həmin qəzetin beynəlxalq şöbəsinin redaktor müavini işləyib.

  • Mümkündürsə, faktı sadəcə səsləndirmək yerinə onu təsvir edən rəngli təqdimatla çıxış edin.
  • Haqqında yazdığınız məsələ ilə bağlı dilemma/fenomeni təsvir edən şəxs/ailə/səhnə/insan yönümlü olaylar tapın.
  • Əgər siz 40 yaşlarında uşaq doğan qadınlar haqqında yazırsınızsa, yaxşı olar ki, bizə belə bir qadını təqdim edəsiniz, nəinki “ilk uşağı dünyaya gələn qadınların 20 faizi 40 və daha artıq yaşdadır” kimi ifadələr işlədəsiniz.
  • Əmin olun ki, rəngli təqdimat olayın yerdə qalan hissəsini təsvir edir. Bu giriş yazıya uyğun olmalıdır.
  • Rəngli təqdimat xəbərin bələdçisi rolunu oynamalıdır. Sadəcə rəngarəng olmaq heç də tam yetərli deyil.
  • Öz təqdimatınızı yaddan çıxarmayın. Əgər biz girişdə ilk uşağını dünyaya gətirən 41 yaşlı Culiya ilə qarşılaşırıqsa, onunla yenidən görüşməmək heç də düzgün olmazdı. Oxucu onun başına sonra nə gəldiyini bilmək istərdi. Buna görə də onunla bağlı materialın sonuna bəzi məqamlar/sitatlar saxlayın.
  • Girişdə çox maraqlı bir səhnə və ya olayı verə bilərsiniz, ancaq bu, yazının qalan hissəsini təsvir etməyə bilər.
  • Rəngli təqdimat oxucunu qarmağa salmaq üçün yaxşı bir üsuldur. Onu elə də uzağa saxlamayın.
  • Rəngli təqdimat bir və ya iki paraqrafdan artıq olmamalıdır. Həm də siz yazınızın önəmli məqamını qeyd etməyi bacarmalısınız.
  • Təqdimatda ikinci hissə sizin haqqında danışmaq istədiyiniz fenomeni qısa təsvir etməlidir. Bu təsvir uyğun faktlar, rəqəmlər və faizlərlə müşayiət olunmalıdır.
  • Sizin yazınızın ikinci hissəsində mümkün olduqca ciddi faktlar yer almalıdır. Burada qeyri-müəyyən, qaynağı bilinməyən, mövzudan kənar və ya qeyri-dəqiq kəsimlərin yer almaması əsasdır.
  • Bütün faktları uyğun şəkildə mövzu ilə əlaqələndirin. “Ölkədə yüz min insan bu yaxınlarda iş yerlərini itirib” kimi ifadə işlətməyin. Belə ifadədən istifadə edin: “Ticarət Palatasının 2009-cu il üçün hesabatında ötən 12 ay ərzində yüz min insanın iş yerindən məhrum olduğu göstərilir. Bunların çoxu şaxtaçılar və nəqliyyat sahəsinin işçiləridir. Nəticə etibarilə 2010-cu ilin başlanğıcı üçün işsizlərin sayı 350 min nəfərə çatıb ki, bu da iş qabiliyyətli əhalinin 9 faizi deməkdir”.
  • Uzun başlıqlar dəyərli bir yeri zəbt edir. Peşə və siyasi rütbələri tam olaraq yazmaqla sözləri boşa xərcləməyin
  • “İqtisadiyyat, ixracat, idxalat, iş və ticarət məsələləri üzrə dövlət katibi Con Smit” yazmaq yerinə sadəcə “iqtisadiyyat naziri Con Smit” yazın. Burada 12 söz yerinə 4 söz işlətmiş olacaqsınız.
  • Söhbət dövlət başçısından getmədiyi zaman “prezident” rütbəsini işlətməkdən yayınmağa çalışın. Uyğun yüksək vəzifə tutanlarla bağlı “direktor”, “müdir”, “başçı”, “rəis”, “sədr” kimi ifadələrdən istifadə edin. Yaxud da vəzifənin adını tam yazın: “ali məhkəmənin prezidenti” kimi.
  • Beləliklə, “Glakso kimya müəssisəsi İdarə Heyətinin prezidenti” ifadəsi yerinə “Glakso kimya müəssisəsinin rəhbəri” ifadəsini işlədin.
  • Əgər müraciət etdiyiniz şəxs həkim deyilsə, ona “doktor” ifadəsi ilə müraciət etməyin.
  • “Baş redaktor” yerinə sadəcə “redaktor” ifadəsi işlədin və s.
  • Bütün faktlarınızı yoxlayın və mümkün olduqca onların qaynaqlarını göstərin.
  • Bu qayda bir qədər az bilinən, ziddiyyətli və mübahisəyə səbəb olacaq faktlara aiddir.
  • Əgər sizin faktlara qarşı diqqətsiz və səthi yanaşmanız hiss olunarsa, bu hal yazacağınız yazının uğursuz olmasına gətirib çıxarar.
  • Ümumiyyətlə ziddiyyətli olmayan faktlarla bağlı sözçülüyə yol verib qaynaqlar göstərməyin.
  • Məsələn, ölkənin əhalisi haqqında bilginin qaynağına istinad etməyin.
  • İşsizlik kimi bəzi statistikaların qaynağı göstərilməlidir; ancaq qısa şəkildə. Belə yanaşma yalnız ona görə lazımdır ki, bu cür bilgilər ziddiyyət doğurmur; ancaq oxucu sizin rəqəmləri haradan aldığınızı bilmək istərdi. Məsələn, qaynaq kimi ticarət palatasını, əmək nazirliyini və s. göstərmək olar.
  • Daha mürəkkəb, daha ziddiyyətli və daha çox mübahisə doğuracaq faktların qaynaqlarını ayrıntılı şəkildə təqdim edin.
  • Fikirlərinizi Avropa Birliyinin rəsmi sənədləri kimi, yəni quru və yeknəsəq, yaxud da bulvar qəzetlərindəki kimi ifadə etməkdən çəkinin.
  • İndiki zamanda ifadəyə yol verməyin. (“Tibb bacısı mənə tərəf gəlir.”)
  • Üç nöqtədən istifadə etməyin. (“Mən onun gözlərinin içinə baxdım…”)
  • Nida işarəsinə qənaət edin. (“O, dəli kimi görünürdü!”)
  • Kursivdən, təkrardan, böyük hərflərdən istifadə etməyin. (“Kimsə çığırır Kimsə ÇIĞIRIR!”)
  • Şişirdilmiş müqayisələr etməyin; pis durumda olan xəstəxananı və ya dustaq evini Nasist həbs düşərgəsi ilə müqayisə etməyin.
  • Hirsli, kobud rəsmiləri Hitlerə bənzədərək təqdim etməyin.
  • İnsanlar özlərini belə adlandırmadıqca onları “faşist” kimi təqdim etməyin.
  • Özünüzü böyük kimi aparmayın: yaşlı qadına “nənə” deməyin, yaxud da uşaq kimi adları ilə müraciət etməyin. Eyni hal yaşlı kişilər, kənd adamları, kasıblar və s. üçün də keçərlidir.
  • Göz yaşlarınızı mümkün qədər az axıdın.
  • Yazdığı yazıda müəllifin özü üçün bir yer vardır. Ancaq bu yer mümkün qədər seçilən və tərəfsiz olmalıdır; həm də ön planda deyil.
  • Əgər hər paraqrafda “mən” sözü nəzərə çarpırsa, deməli, nəsə yolunda deyil. Yalnız bir hal istisnadır: siz yazını özünüzə həsr etdiyiniz zaman bu yolveriləndir. Məsələn, siz bir dilənçi kimi geyinib cəmiyyətin kasıblara necə yanaşdığını öyrənmək istəyirsiniz.
  • Qaynaq göstərmədən dırnaq işarələrindən istifadə etməyin.
  • Aradan çıxmayın və ya əldən düşmüş kimi görünməyin.
  • Bir yazını sitatla bitirmək çox zaman daha yaxşıdır.
  • Sonluq hər hansı bir formada başlanğıca istinadla başa çatmalıdır.
 VACİB QEYD: Material az.irexlearning.org  platformasından götürülüb. Saytda qeyd olunduğuna əsasən bu materiallar onlayn tədris vəsaitinin bir hissəsidir və həmin tədris vəsaiti IREX Azerbaijan-ın sifarişi ilə hazırlanıb və USAID tərəfindən maliyyələşdirilib.  Bu vəsait pulsuz onlayn tədris mənbəyi olan Mediaya Yardımçı Medianın Media Helping Media təlim modullarına və texniki baxımdan pulsuz e-tədris proqram platforması olan kompyuter proqramına əsaslanır. Bu platformadakı bütün materiallar Creative Commons BY-NC-SA lisenziyalıdır.


Aşağıdakı məsləhətlərdə jurnalistlərin araşdırma materialı hazırlamağa başladıqları zaman yadda saxlamalı olduqları bir sıra məqamlar qeyd olunub.

Oxucunu qarmağa keçirin
             <<Rəngli təqdimat xəbərin bələdçisi rolunu oynamalıdır. Sadəcə rəngarəng olmaq
heç də tam yetərli deyil>>
 Başlıqlarınız qısa olsun
<<Peşə və ya siyasi rütbələri yazmaqla sözləri boşa xərcləməyin>>
 Faktlarınızın dürüstlüyünə diqqət edin
<<Daha mürəkkəb, daha ziddiyyətli və daha çox mübahisə doğuracaq faktların
qaynaqlarını ayrıntılı şəkildə təqdim edin>> 
Düzgün ifadə forması seçin
<<Göz yaşlarınızı mümkün qədər az axıdın>>
Fərdiliyə meyl etməyin
<<Qaynaq göstərmədən dırnaq işarələrindən istifadə etməyin>>
 Yekun vurmaq
<<Sonluq hər hansı bir formada başlanğıca istinadla başa çatmalıdır>>
Mənbəə: http://www.millinet.az/

Hiç yorum yok:

Yorum Gönder